Son günlər şahmat ictimaiyyət və azarkeşləri arasında ən çox müzakirə edilən məsələlərdən biri də Azərbaycanın Ümumdünya Şahmat Olimpiadası üçün açıqlanan heyətində Vasif Durarbəylinin olmamasıdır. Azarkeşlər sosial şəbəkələrdə qrossmeysterin adının siyahıya daxil edilməməsini birmanalı qarşılamayıb. Maraqlıdır, millimizin üzvləri bu haqda nə düşünür?

Ümumdünya Şahmat Olimpiadası üçün açıqlanan heyətdə yer alan millimizin üzvü Rauf Məmmədov Offsideplus.az-a açıqlamasında məsələyə münasibət bildirdi:

"Bu haqda çox da danışmaq istəmirəm. Vasif mənim tələbəm olub, eyni zamanda yığmada birlikdə oynamışıq. Hər zaman münasibətimiz yaxşı olub. O, bizimlə birlikdə olanda xoşagəlməz hallar yaşanmayıb. Milli ruhda olan şahmatçıdır. Bu yöndə pis bir şey deyə bilmərəm. Düzdür, o, sosial şəbəkələrdə hər zaman tənqidi fikirlər paylaşıb. Bu, yaxşı hal deyil. Baxın, 2011-ci ildə reytinqə görə milli komandaya dəvət edilməli idim. Lakin çağırmadılar. Mən də şikayət etmədim. Əsas istəyim Azərbaycanın uğur qazanması idi. İnşallah, indi də millimiz yaxşı çıxış edər. Biz şahmatçılar oyunumuzla özümüzü sübut etməliyik, hansısa postlarla yox".

İti zəka sahibi millimizin uğurlu nəticə göstərəcəyinə inanır:

"Heyətimizdə gənc, potensiallı şahmatçılar var. Onlara güvənirəm. İnanıram ki, uğurlu nəticə qazanmaq olar".

Xatırladaq ki, kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.