2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü seçilib.
Offsideplus.az ACB-nin rəsmi saytına istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Hrvoye Lindi bu açıqlamanı verib:
“ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”.
Rüstəm Orucov Avropanın ən uğurlu və hörmətli cüdoçularından hesab olunur. O, 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub.
Qeyd edək ki, R. Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi komissiyasının üzvüdür.