Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan millisi adına ilk medalın sahibi Cavad Ağayev olub.
68 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz yarımfinalda Cənubi Koreya təmsilçisi Kvon Doyuna məğlub olaraq dünya çempionatının bürünc medalına yiyələnib.
Cavad Ağayev DÇ-də Azərbaycan adına ilk medalı qazanması barədə təəssüratlarını Offsideplus.az-a bölüşüb:
- Çox sevinirəm ki, vətənimə medalla qayıdıram. Hər bir idmançının məqsədi qızıl medal qazanmaqdır. İnşallah, gələcək yarışlarda qızıl medal olar. Sadəcə qismət 3-cü yer imiş. Buna da şükürlər olsun. İnşallah, komanda yoldaşlarım bizi və vətənimizi qızıl medalla sevindirər.
- Finala çıxmağın bir addımlığında idiniz. Koreyalı rəqiblə görüşün nəticəsini ədalətli sayırsınız?
- Bu bir yarışdır. İki idmançıdan biri qalib olur, biri məğlub. Sadəcə hakimlərin verdiyi qərar finalın bir addımlığında məni növbəti mərhələyə keçməkdən uzaqlaşdırdı.