"Çox sevinirəm ki, olimpiadanın gümüş medalını qazandım. Sözsüz, "qızıl"a çox az qalmışdı. Şükürlər olsun ki, medalsız qayıtmadım".
Offsideplus.az-ın "Report"a istinadən yaydığı məlumata görə, bu fikirləri Tokio-2020 Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan güləşçisi Hacı Əliyev (65 kq) Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib. 3 qat dünya və 3 qat Avropa çempionu ona dəstək verən insanlara minnətdarlığını bildirib: "Allah hamıdan razı olsun. "Bu uğurlarımda çox insanın payı var. Hamısına təşəkkür edirəm.
30 yaşlı idmançı yaponiyalı Takuto Otoquroya qarşı final görüşündə hakim qərəzinin olduğunu söyləyib: "Əlbəttə, belə bir şey var idi. Hamı gördü ki, orada mənə qarşı bir az haqsızlıq oldu. Bu barədə yaxın vaxtlarda geniş danışacağıq".
Əliyev 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Oyunlarda iştirakının sual altında olduğunu vurğulayıb: "Bir az istirahət etdikdən sonra tam qərar verəcəyəm. Tokio olimpiadasındakı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın zəfəridir".