Qətərin paytaxtı Dohada təşkil olunan cüdo üzrə beynəlxalq "Masters" turniri davam edir.

Offsideplus.az xəbər verir ki, nüfuzlu yarışa 7 idmançı ilə qatılan Azərbaycan millisinin daha 3 üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi finala yüksəlib. 

Kişilər
100 kq

Elmar Qasımov 1/16 finalda Rafael Buzakarini (Braziliya) üzərində qələbə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında israilli Peter Palçikə uduzaraq mübarizəni dayandırıb. 

Yarışa 1/16 finaldan başlayan Zelim Kotsoyev Ramadan Dervişi (Misir) və Quham Ço (Cənubi Koreya) üzərində qələbələrlə 1/4 finala yüksəlib. Bu mərhələdə kanadalı Şaddi Elnahasa qalib gələn idmançı yarımfinalda niderlandlı Simeon Kararinanı da məğlub edib. Finala yüksələn Zelim həlledici qarşılaşmada gürcüstanlı Varlam Lipateliani ilə qarşılaşıb və gümüş medalın sahibi olub.

Qadınlar 
+78 kq

1/8 finaldan yarışa başlayan İrina Kindzerska öncə Yasmin Qrabovski (Almaniya), ardınca Hayun Kim (Cənubi Koreya) üzərində qələbə qazanıb. Cüdoçumuz yarımfinalda Hortens Vanessa Mballa Atanqananı (Kamerun) məğlubiyyətə uğradıb. Finalda İrina fransalı Romen Dikko ilə qarşılaşacaq.

Yarışın ilk günündə tatami üzərinə çıxan Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (hər ikisi 48 kq) uğursuzluqla üzləşib.

Qeyd edək ki, dünya cüdo turu seriyasından olan "World Masters” nüfuzlu beynəlxalq yarışında 69 ölkədən 215 kişi və 184 qadın olmaqla, ümumilikdə 399 cüdoçu mübarizə aparır.

***

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən "World Masters” turnirində mübarizəyə qoşulacaq.

Offsideplus.az xəbər verir ki, yarışın son günündə kişlərin mübarizəsində Zelim KotsoyevElmar Qasımov (hər ikisi 100 kq), qadınlarda isə İrina Kindzerska (78+) medal qazanmağa çalışacaq.

Kotsoyev 1/16 finalda Ramazan Dərvişlə (Misir), Qasımov eyni mərhələdə Rafael Buzakarini (Braziliya) ilə üz-üzə gələcək.

Kindzerska isə 1/8 finalda Sandra Yablonskite (Litva) / Jasmin Qrabovski (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 11-də Azərbaycanın 4 cüdoçusu medal qazana bilməyib.