UFC prezident Dana Uayt yeni açıqlaması ilə diqqətləri cəlb edib.
Offsideplus.az xəbər verir ki, qurum prezidenti gözlənilən döyüşlərin keçiriləcəyini və bunun üçün xüsusi bir yer tapdığını bildirib. Belə ki, Uayt həmin yerin şəxsi ada olduğunu deyib, ancaq hara olduğu barədə heç kəsə məlumat verməyəcəyini dilə gətirib. O bildirib ki, aprel ayının 18-də Toni Ferqyuson müvəqqəti çempion titulu uğrunda ABŞ təmsilçisi Castin Qatji ilə üz-üzə gələcək. Buna səbəb isə Həbib Nurməhəmmədovun koronavirus pandemiyası səbibi ilə Rusiyanı tərk edə bilməməsini açıqlaması olub. Dana Uayt həmçinin qeyd edib ki, bu döyüşdən əlavə daha 11 qarşılaşma keçiriləcək.
Döyüşçülər adı gizli qalan adaya şəxsi təyyarələrlə gətiriləcək və onlara da döyüşün yeri barədə məlumat verilməyəcək. UFC prezidenti döyüşlər üçün 2 aylıq icazə aldığını bildirib və görüşlər hər həftə keçiriləcək.
Qeyd edək ki, maraqla gözlənilən döyüş Həbib Nurməhəmmədovla Toni Ferqyuson arasında keçirilməli idi. Lakin rusiyalı döyüşçü məlum səbəbdən bu qarşılaşmadan imtina etmiş, rəqibi Ferqyuson isə bunu Nurməhəmmədovun qorxması ilə əlaqələndirmişdi.