Onu hansı olimpiya mükafatçımıza bənzədirlər?
Taekvondo ölkəmizdə inkişaf etmiş idman növlərindəndir. Vətəni Cənubi Koreya olan, Yay Olimpiya Oyunlarının rəsmi proqramına isə 2000-ci ildə salınan bu növdə olimpiya, üç dünya, xeyli sayda da Avropa "qızıl"ımız var. Bu və digər mötəbər turnirlərdəki nəticələrə əsasən, dünyanın ən yaxşılarından olduğumuzu desək, qətiyyən mübaliğə etmərik. Xatırladaq ki, Rioda baş tutan sonuncu - XXXI olimpiadada bir qızıl, iki bürünc medalla komanda hesabında dördüncü olan "odlar yurdu", MDB miqyasında və İslam aləmində birinci nəticə göstərib, Avropadan yalnız Böyük Britaniyanı önə buraxmışdı. Bunu da xüsusi vurğulayaq ki, həm mundiallarda, həm də dördilliyin ən möhtəşəm yarışında keçmiş Sovet respublikaları arasında ilk dəfə məhz Azərbaycanın bayrağı ən yüksəyə sancılıb.
Bəs sözügedən uğurların davamı, daha da artması üçün potensialımız varmı? Bunun üçün də yeniyetmə və gənclərin son illər qazandığı nəticələrə baxmaq lazımdır. Görünən odur ki, yeni nəsil olduqca böyük iddia ortaya qoyub. Bu gün o gənclərdən birini - 17 yaşlı Cavad Ağayevi sizə yaxından tanıdacağıq.
Boyuna biçilən taekvondo
Ağayev Cavad Azər oğlu 15 yanvar 2002-ci ildə Bakıda doğulub. Atası avtomobil təmirçisi, anası isə evdar xanım olan Cavad, orta təhsilini paytaxtın Digah qəsəbəsində yerləşən 45 saylı məktəbdə alıb. Uşaqlıqda dərslərinə biganəliyi və dəcəlliyi ilə başabəla olsa da, idmana gəlişi bir qədər gec yaşa təsadüf edib. Lakin taekvondo ilə tanış olanadək Cavad, artıq iki döyüş növündə özünü sınamışdı. Belə ki, o, 12 yaşında olarkən beş ay qaydasız döyüş, ardınca isə dörd aya yaxın cüdo məşqlərinə qatılıb. Dediyinə görə, hər iki növ üzrə məşqçiləri fiziki göstəricilərini nəzərə alaraq, ona məhz taekvondo ilə məşğul olmağı tövsiyə edib.
Beləcə, 2015-ci ilin sentyabrında Səbuhi Zülfüqarov və Samir Aydınlının hazırlıq keçdiyi zala üz tutan Cavad, qısa müddətdə inadkarlığı, döyüşkənliyi ilə məşqçilərinin sevimlisinə çevrilir. Belə ki, zaldaxili yarışlara qatılmaq üçün normalda altı-yeddi ay məşq keçmək lazım gəlsə də, o, öz istəyi ilə cəmi 15 gün sonra döyüşlərə çıxır. Təcrübəli yoldaşlarını üstələyən Ağayev, heç iki ay keçmir ki, Qubada keçirilən birincilikdə də sınaqdan keçirilir və qazandığı "bürünc"lə iddiasının əbəs olmadığını isbatlayır. Ardınca digər bölgələrdə də təşkil olunan yarışlara qatılan Cavad, medalının əyyarını daha da yüksəldir. Beləcə, respublika çempionatında özünü göstərmək imkanı yaranır. İlk iştirakındaca maksimum nəticə əldə edən Ağayev, ardınca Konyada baş tutan beynəlxalq yarışdan da "bürünc"lə dönür.
Daha bir "qızıl debüt"
2016-cı ildə gənclərin respublika birinciliyinə qatılaraq, buradakı debütünü də "qızıl"la qeyd edir. İlin digər yüksək nailiyyəti isə klublararası Avropa çempionatı ilə bağlı olur. 63 kiloqram çəki dərəcəsində burada ikinci nəticə göstərən Cavad, növbəti il Kiprin Larnaka şəhərində baş tutan gənclərin Avropa çempionatında bürünc medalı boynundan asır.
Dünya çempionluğu!
Bütün bu göstəriciləri ilə diqqət mərkəzinə düşür. Qarşıdakı turnirlərdə yığmamızın əsas medal ümidinə çevrilir. 2018-ci ilin əsas yarışı isə sözsüz ki, "Buenos-Ayres - 2018" Yeniyetmələrin Olimpiya Oyunları idi. Bundan əvvəl isə gənc dayanq ustasını Tunisin Hammamet şəhərində baş tutacaq lisenziya xarakterli dünya çempionatı gözləyirdi. Qarşıya qoyulan əsas məqsəd lisenziya qazanmaq olsa da, qatıldığı bütün yarışlarda gözü ilk pillədən başqasını görməyən Cavad, sadəcə, çempionluq haqqında düşünür, yaxınlarına "qızıl"la dönəcəyinə dair söz verirdi.
63 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev, əvvəlcə pakistanlı Əşrəf Əhmədinin daşını daş üstə qoymur (29:6). Sonrakı qarşılaşmada amerikalı Xalfani Harrisi çətinliklə üstələyən Cavad (7:6), cənubi koreyalı Ho-Jun Jini rahatlıqla keçib (17:11), 1/4 finalda efiopiyalı Tariku Qirmanı da dayanqa çıxmağa peşman edir (20:3). İranlı Erfan Muradini 17:12 hesabı ilə mübarizədən kənarlaşdıran Ağayev, finalda İtaliya təmsilçisi Qabriel Kauloyla üz-üzə gəlir. Bir ay əvvəl lisenziya turnirində uduzduğu sözügedən rəqiblə qarşılaşma, gözlənildiyi kimi, çox gərgin alınır. Revanş istəyi ilə alışıb-yanan, dünya çempionluğunun bir addımlığında büdrəmək istəməyən Cavad, bütün bacarığını səfərbər edib, dramatik görüşdən də qalib ayrılır: 14-13.
"Hədəfim sadəcə, olimpiya çempionu olmaqdır"
Belədə, o, zirvə yarışında çəkisinin əsas favoriti kimi qələmə verilirdi. Haşiyə çıxaraq qeyd edək ki, oyunlardan bir neçə gün əvvəl yığmamızın baş məşqçisi Məmməd Abdullayevlə əlaqə saxlayıb, təmsilçilərimizin hazırlıq durumu ilə maraqlanmışdıq. Təcrübəli çalışdırıcı Cavadın durumunu çox yüksək qiymətləndirmiş, məqsədin sadəcə, çempionluq olduğunu demişdi. Lakin əbəs yerə demirlər ki, olimpiadada fortuna da sənin tərəfində olmalıdır. Belə ki, ilk görüşdə Sudan, 1/4 finalda isə İrandan olan həmkarlarını üstələyən Ağayev, finalın bir addımlığında üz-üzə gəldiyi cənubi koreyalı taekvondoçu qarşısında ilk iki hissədə üstün durumda olsa da, son saniyələrdə təşəbbüsü əldən verdi. Reqlamentə görə, birbaşa bürünc medal qazanan 16 yaşlı idmançımızın yarışdan sonra verdiyi açıqlamadan, məyusluğu ilə yanaşı, olduqca iddialı olduğu hiss olundu: "Üçüncü hissədə böyük səhvə yol verdim. Çox təəssüflənirəm ki, burda çempion ola bilmədim. İnşallah, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında üçüncü yox, çempion olmaqla, Azərbaycanın bayrağını dalğalandıracağam. Hədəfim sadəcə, olimpiya çempionu olmaqdır".
Böyüklərin dünya çempionatına doğru
Bu, eləcə söz xatirinə söylənən fikirlər deyildi. Belə ki, gənclərin dünya çempionu cari ildən artıq böyüklər arasında çıxış edir. İlk imtahanını isə maksimum göstərici ilə başa vurub. Yanvarda Azərbaycan çempionatının baş mükafatına sahib çıxan Ağayev, bundan sonra yığmanın heyətinə cəlb olunub. Bu günlərdə Türkiyədə keçirilən beynəlxalq turnirə qatılan Cavad, ilin əsas sınağını mayda İngiltərədə baş tutacaq mundialda verəcək.
Milad Harçeqani ilə oxşarlıq
Səbuhi müəllim döyüş tərzinə görə onu, dünya və Avropa çempionu, Rio olimpiadasının bürünc mükafatçısı Milad Beiqi Harçeqaniyə bənzədir. Taekvondomuzun əfsanəvi siması ilə Cavadı birləşdirən əsas cəhətlər isə hər ikisinin yaxın məsafədən döyüşdə effektli olması və xalların əksəriyyətini başa zərbələr hesabına qazanmasıdır. Yeri gəlmişkən, Harçeqani, Ağayevin rəğbət bəslədiyi dayanq ustalarındandır. "Kumirim yoxdur, amma rəğbət bəslədiklərim çoxdur" deyən 17 yaşlı qəhrəmanımızın bəyəndikləri sırasında həmçinin olimpiya çempionumuz Radik İsayev də var. Ən çox bəyəndiyi taekvondoçu isə ikiqat olimpiya mükafatçısı və üçqat dünya çempionu, cənubi koreyalı Li Day-Hundur.
Bu arada, onu da qeyd edək ki, Cavadın hazırda mübarizə apardığı 63 kiloqram olimpiya çəkisi deyil. Olimpiadaya lisenziya xallarını 68 kiloqramda toplamağa çalışan dünya çempionumuz, çətin missiyanın öhdəsindən gələcəyi təqdirdə, Tokioda sözügedən koreyalı ilə bir çəkidə mübarizə aparacaq.
Cavadın taekvondodan kənar marağı da elə idmanla bağlıdır. Uşaqlıqdan yaxşı top qovması ilə ad çıxaran gənc taekvondoçu, indi də asudə vaxtlarını stadionda keçirməyi üstün tutur.
Portret
Şəxsi məşqçisi, eyni zamanda yeniyetmələrdən ibarət yığmamızın çalışdırıcısı Səbuhi Zülfüqarov deyir ki, çox az müddət qalsa da, Cavad, Tokio Yay Olimpiya Oyunlarına da lisenziya qazanmaq potensialına sahibdir. Onun, fitrətdən gələn bacarıqlarını, güclü ambisiyasını dönə-dönə vurğulayan mütəxəssis, bu keyfiyyətləri sayəsində hələ çox zirvəni fəth edəcəyinə əmindir. Biz də inamla deyə bilərik ki, Cavad Azərbaycanda formalaşan taekvondo ənənəsinin layiqli davamçısıdır. Yüz minlərlə idmançının karyerası ərzində yüksələ bilmədiyi məqama, o, cəmi üç il ərzində çatıb. Kim bilir, bəlkə, növbəti üç ildə də bizi böyüklərin dünya və Avropa çempionluğu ilə sevindirdi?!
Mənbə: Kaspi.az