Mövsümün davam etdirilib-etdirilməyəcəyi günün əsas sualı, yarıqaranlıq mövzusudur.

Peşəkar Futbol Liqasının (PFL) klublara göndərdiyi məktubdan görünür ki, qurum Premyer Liqanın gələcəyinə dair təkbaşına qərar vermək istəmir və məsuliyyəti klublarla bölüşmək istəyir.

PFL-in prezidenti Ramin Musayevin imzasıyla göndərilən məktubda bildirilib ki, klublar hazırkı şərtlər altında çempionatı bitirib-bitirməməklə bağlı fikirlərini yazılı şəkildə onlara göndərməlidirlər. Elita təmsilçilərinə qoyulan müddət dünən saat 16:30-da başa çatıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası səbəbindən həftəsonları tətbiq etdiyi ən sərt karantin rejimi ilə bağlı qərarı PFL-in Premyer Liqanı iyunun 21-də bərpa etmək istəyinin üstündən xətt çəkə bilər.

Hər şey buna doğru gedir. Çempionatın təşkilatçısı hazırkı vəziyyətin onun xeyrinə inkilşaf etməməsinin fərqindədir və istəyir ki, sabah neqativ bir hadisə baş verərsə, indidən özünü sığortalasın.

Yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Məhz həmin toplantıda çempionatın erkən başa çatdırılması qərarının verilməsi ən real ehtimaldır.

Bəli, elita təmsilçilərindən 4-ü yarışmanın davam etdirilməsini, 4-ü də erkən başa vurulmasını istəyib. «Keşlə», «Sumqayıt», «Səbail» və «Neftçi» çempionatın bitirilməsinə tərəfdar çıxıb. «Qarabağ», «Zirə», «Sabah» və «Qəbələ» isə əksinə, mübarizənin sonadək getməsinin lehinə səs verib. 

"Sportinfo.az"ın əldə etdiyi məlumata görə, «Qarabağ» son ana qədər mövsümün bərpasını istəməyib. Yalnız «Neftçi»nin irəli sürdüyü şərt situasiyası dəyişib.

Belə ki, paytaxt təmsilçisi Ağdam klubunun Çempionlar Liqasında iştirak etməsinə etiraz etmədiyi halda, ölkə çempionu elan olunmaması tələbini irəli sürüb. 

Yəni ki, yer tutan komandalar medallarla təltif olunmasın. Bu da qarşı tərəfi narazı salıb və hərəkətə gətirib, nəticədə «Qarabağ» rəhbərliyi «davam» qərarı verib.