Portuqaliya Futbol Federasiyası Uruqvaya qarşı DÇ-2022 II tur matçında vurulan ilk qolun Bruno Fernandeşin adına yazılmasından razı deyil.
Offsideplus.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb. Portuqaliya Futbol Federasiyası Uruqvaya qarşı oyunda vurulan ilk qolun müəllifinin Kriştiano Ronaldo olduğunu sübut etmək üçün FIFA-ya müraciət edəcək.
Xatırladaq ki, Uruqvayla oyunun 54-cü dəqiqəsində Bruno Fernandeşin rəqib qapısına göndərdiyi topa Kriştiano Ronaldo da yüksəlib. Bruno da daxil olmaqla, bütün komanda 37 yaşlı hücumçunun qolunu qeyd etsə də, 6 dəqiqə sonra qol Bruno Fernandeşin adına yazılıb. Bu qərardan sonra bəzi futbolsevərlər qolu Ronaldonun vurduğunu, digərləri isə müəllifin Fernandeş olduğunu deyib və beləliklə, müzakirələrə yol açılıb.