Braziliya millisinin sabiq hücumçusu Ronaldo komandanın DÇ-2026-dakı şansları barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, əfsanəvi futbolçu komandaya və baş məşqçiyə olan inamını belə ifadə edib:
"Dünyanın ən yaxşı futbolçuları və bütün zamanların ən yaxşı məşqçilərindən biri bizdədir. Azarkeşlər də bu uğura inanmalıdırlar. Yolumuz asan olmayacaq, amma qeyri-mümkün də deyil.
Biz bunu 5 dəfə etmişik və yenə təkrar edə bilərik. Həmin 5 çempionluğun heç birində braziliyalılar qələbəyə tam inanmırdılar. Onlar bunun əvəzini turnirin sonunda, çempionluğu bayram edərək çıxmağı xoşlayırlar".
Ronaldo Karlo Ançelottinin heyət seçiminə toxunaraq, Neymarın komandaya dəvət olunmasını yüksək qiymətləndirib:
"Karlo Ançelotti Neymarı heyətə daxil etməklə əla seçim etdi. O, həlledici məqamda komandaya böyük kömək edə bilər. Onda elə bir istedad, elə bir dahi keyfiyyət var ki, onsuz keçinmək mümkün deyil. Neymar meydana cəmi 20 dəqiqəlik çıxsa belə, oyunun taleyini dəyişməyə qadirdir".
Qeyd edək ki, "sambaçılar" qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.


