İran milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə DÇ-2026-da iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qərarın əsas səbəbi kimi İran yığmasının qrup oyunlarının məhz ABŞ-də keçirilməsi göstərilir. Rəsmi Tehran mövcud siyasi və hərbi gərginlik fonunda turnirə qatılmağı qeyri-mümkün hesab edir.
İran Futbol Federasiyasının rəhbərliyi hələ bir gün əvvəl komandanın yarışda iştirakının sual altında olduğunu eyham vurmuşdu. Son məlumatlara görə, imtina qərarı artıq qətiləşib və yaxın saatlarda rəsmən elan olunacaq.
Yaxın Şərqdə kəskinləşən hərbi münaqişə ilə əlaqədar İranda daxili futbol çempionatı da qeyri-müəyyən müddətə təxirə salınıb. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İranın müxtəlif şəhərlərinə endirdiyi hava zərbələrindən sonra Tehran tərəfi İsrail ərazisinə və ABŞ-nin regiondakı hərbi bazalarına raket hücumları ilə cavab verib. Hazırda regionun bir sıra ölkələri təhlükəsizlik məqsədilə hava məkanını qapadıb.


