Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarov yığmamızın sabiq baş məşqçisi Berti Foqts və onunla tanışıqlığından danışıb.

Offsideplus.az xəbər verir ki, o, bu məsələ ilə bağlı Almaniyanın "Liga3-online" nəşrinə müsahibəsində belə deyib:

"Berti Foqtsu hazırda futbol stadionundan daha çox qolf meydançası cəlb edir. Ona görə də tez-tez rastlaşmırıq. Onunla 2014-cü ildə Düsseldorfda təsadüfən tanış olmuşuq. Artıq neçə ildir ki, bir-birimizi görmürük".

32 yaşlı oyunçu milli forması ilə indiyə qədər oynadığı görüşlər içərisində unuda bilmədiyi matçı da açıqlayıb: 

"2017-ci ildə Bakıda Almaniyaya 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə mərhələsinin oyununu unuda bilmirəm. Bir neçə matç top buraxmayan Almaniya millisinə qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq yaddaşlarda qalacaq".

Qeyd edək ki, Berti Foqts 2008 - 2014-cü illərdə Azərbaycan millisinin baş məşqçi olub. D.Nazarov isə 2014-cü ildən yığmada çıxış edir.