DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyunda (2:2) Kriştiano Ronaldonun təmiz qolunu saymayan yan xətt hakimi cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, Mario Diks bundan sonra AVRO-2020-nin matçlarına təyinat alan referi Danni Makkelinin başçılıq etdiyi hakimlər briqadasında çıxış etməyəcək. Onu Avropa çempionatında Yan de Fris əvəz edəcək.
Qeyd edək ki, görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Ronaldonun zərbəsindən sonra top qapı xəttini keçsə də, Diks qolu saymayıb. Buna əsəbiləşən 36 yaşlı hücumçu kapitanlıq sarğısını qolundan çıxararaq yerə çırpıb. Matçdan sonra epizodun təkrarına baxan hakim səhvini boynuna alaraq Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşdan üzr istəyib.