Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə MOK-un iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Offsideplus.az-a verilən məlumatına görə, iclasda post-karantin dövründə MOK-un fəaliyyəti, xüsusilə gələn ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqadar ümumi müzakirə aparılıb:

“İclasda karantin dövründə MOK-un həyata keçirdiyi işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zaman bildirilib ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq, Tokio Olimpiya Oyunlarında iştirak üçün hazırlığın ən yüksək pilləsinə çatmış idmançılarımızın formada qalmaları məqsədilə ilkin mərhələlərdə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub və tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi üzərində iş aparılıb.

Karantin dövründə MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib.

Bundan başqa Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin karantin ve post-karantin dövrü üçün tövsiyə və təlimatları ətrafında danışılaraq, qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verilib”.