"Xüsusən ilk yarıda yaxşı oyun keçirdik. Planlaşdırdığımız hər şeyi yerinə yetirdik".
Offsideplus.az xəbər verir ki, bunu Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının baş məşqçisi Paulu Fonseka Türkiyənin Antalya bölgəsində "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra deyib. Portuqaliyalı mütəxəssis mütəşəkkil kollektivlə qarşılaşdıqlarını vurğulayıb: "Rəqibin bir neçə matçına - Avropa Liqasında "Vorskla" və "Sportinq"lə görüşlərinə baxmaq imkanım olmuşdu. Asan olmayacağını bilirdik. Axı "Qarabağ" güclüdür, avrokubokların iştirakçısıdır. Təəssüf ki, hava şəraiti kifayət qədər ağır idi. Amma matçdan razı qaldım".
45 yaşlı baş məşqçi əsas komandada ilk qolunu vuran Mixail Mudrik barədə də danışıb: "Mixail hələ çox şey öyrənməlidir. Düzdür, bu gün qol vurdu, amma matçda digər situasiyalar da oldu. O, bir neçə dəfə top itirdi. Buna yol vermək olmazdı. Hərçənd, əvvəlki oyunla müqayisədə özünü yaxşı tərəfdən göstərdi".
Qeyd edək ki, "Şaxtyor" əvvəlki yoxlama matçında Xorvatiyanın "Hayduk" (Split) komandasına uduzub - 1:4.(sportnet.az)