Ötənlərin məşhur futbolçusu, bolqar Xristo Stoiçkov "Barselona"nın üzvü Rafinyanı klublararası dünya çempionatı ilə bağlı söylədiyi sözlərə görə tənqid edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ABŞ-da ilk dəfə 32 komandanın iştrakı ilə keçirilən yarışı "fantastik" adlandırıb.
"Oyunçular bir ilə 20 milyon avro qazananda şikayət etmirlər. Yəqin ki, gələn il Rafinya "Barselona"nın heyətində dünya çempionatında çıxış edəcək. Buna görə bizim hamımıza bir az sakitləşmək lazımdır. Mənə görə dünya çempionatında hər şey fantastik düşünülüb. Ümid edirəm ki, belə də davam edəcək. Bu, hamı üçün bayramdır. Kim futbolu sevmir ki?!", - deyə X.Stoiçkov bildirib.
O, keçmişdə də futbolçuların gərgin qrafikdə oynadıqlarını nəzərə çatdırıb: "Əvvəllər oyun zamanı cəmi 2 dəyişiklik etmək olurdu. İndi isə 5 dəyişikliyə icazə verilir. Demək olar, komandanın yarısını dəyişmək mümkündür. Hələ əlavə vaxtda da 1 dəyişiklik olar. Əgər siz qrafikin gərginliyi, futbolçulara necə çətin olması baxımından şikayətlənirsinizsə, fikrimcə, bu düzgün deyil. Guya sizə qədər heç kim futbol oynamayıb. Yaxud futbolçular bir mövsümdə bu qədər çox matç keçirməyiblər".
Qeyd edək ki, Rafinya klublararası dünya çemponatı ilə bağlı danışarkən yarışın futbolçuların istirahət planını pozduğunu söyləmişdi: "Mən indi məzuniyyətdəyəm. Ancaq məsələn, digər braziliyalı futbolçular Markinyos və Lukas Beraldo UEFA Çempionlar Liqasında qələbəni qeyd edər-etməz yığmanın düşərgəsinə yollandılar. Ordan isə dərhal klublararası dünya çempionatına getdilər. Onlar heç bir pauza etmədilər. Hər kəs il ərzində ən azı 3 həftə və ya 1 aylıq istirahətə layiqdir. Heç kim futbolçulardan soruşmadı ki, onlar turnirin vaxtı ilə razıdırlar, ya yox".