"Dünya çempionatına yaxşı hazırlaşmışıq. Minifutbol Federasiyasının rəhbərliyi yığmaya bütün şəraiti yaradıb. Doğma divarlar arasında oynamaq məsuliyyətlidir. Hər şey birinci oyundan asılıdır".
Offsideplus.az xəbər verir ki, bu fikirlər Azərbaycanın minifutbol üzrə milli komandasının baş məşqçisi Elşad Quliyevə məxsusdur.
Bu gün Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransı keçirilib.
Jurnalistlərin suallarını cavablandıran E.Quliyev qarşıdakı yarışda qənaətbəxş nəticə qazanmaq istədiklərini bildirib: "Deməzdim ki, biz son dünya çempionatında psixoloji cəhətdən uduzduq. Həmin yarışda ilk dəfə iştirak etsək də, yaxşı hazırlaşmışdıq. Fərdi səhvlər ucbatından finala çıxa bilmədik. Həmin yarışını üzərindən 2 il keçib. Səhvlər üzərində çox çalışmışıq. Ümid edirəm ki, Bakıdakı dünya çempionatında yaxşı nəticə göstərək".
Qeyd edək ki, 32 komandanın qatılacağı dünya çempionatı mayın 21-də start götürəcək. Çempionatın bütün qarşılaşmaları Milli Gimnastika Arenasında keçiriləcək.



