AFFA-nın Regional Səfər Proqramı çərçivəsində Masallı (Ərkivan), Biləsuvar və Salyan rayonlarına növbəti səfərlər təşkil olunub.
Offsideplus.az xəbər verir ki, səfərdə federasiya nümayəndəsi Ramazan Səmədov və veteran futbolçu Rüstəm Rəhimov iştirak ediblər.
Görüşlər zamanı uşaq-gənclər idman məktəblərinin məşq prosesi izlənilib, məşqçi və futbolçu heyəti ilə fikir mübadiləsi aparılıb. AFFA tərəfindən məktəblərə toplar və lazımi idman ləvazimatları ianə edilib.
Səfər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla da görüş keçirilib. Görüşdə regionda futbolun mövcud vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Proqramın əsas hədəfi bölgələrdə futbolun kütləviliyini artırmaq və yerli infrastruktura dəstək verməkdir.


