Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının (IJF) Atletlər Komissiyasına nümayəndələrini seçiblər.

Offsideplus.az xəbər verir ki, komissiyaya 5 üzv idmançıların səsi ilə seçilib, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.

Atletlər Komissiyasının üzvlərindən biri azərbaycanlı olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov olub. O, IJF İcraiyyə Komitəsi tərəfindən təyin edilib.

Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.

Xatırladaq ki, Hidayət Heydərov dünya çempionatında elə birinci görüşdəcə uduzaraq uğursuzluğa düçar olmuşdu.