"Hislərimi sözlə ifadə etmək çox çətindir".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qarabağ"ın müdafiəçisi Kevin Medina deyib.

O, mövsümün son turunda "Neftçi" üzərində 4:1 hesablı qalibiyyəti belə şərh edib:

"Hər kəs düşünə bilər ki, çempion olduğumuz üçün digər matçlara qeyri-ciddi yanaşırıq, amma bu, belə deyil. "Neftçi"yə qarşı oyunda ehtiyatlı olmağa çalışdıq. Çünki rəqib boşluqlardan yaxşı istifadə edir. Şükürlər olsun ki, meydanı qələbə ilə tərk etdik".

29 yaşlı oyunçu çempionluq təəssüratlarını da bölüşüb:

"Keçən mövsüm çempionluğu əldən buraxmaq bizə pis təsir etdi. Amma "Neftçi"nin kuboku götürməsi bizi daha əzmkar çıxış etməyə sövq etdi və sonrakı oyunlara daha fərqli yanaşdıq. Bu, mənim karyeramda ilk çempionluq idi. Buna görə çox xoşbəxtəm".

Kolumbiyalı futbolçu mayın 27-də kubokun finalında "Zirə" ilə keçiriləcək matç barədə də fikilərini bildirib:

"Zirə" ilə matç bizim üçün çətin keçəcək. Rəqibə hörmətlə yanaşmalıyıq. Onlar yarımfinalda güclü "Neftçi"ni kubokdan kənarlaşdırdılar. Məqsədimiz mövsümü "qızıl dubl"la başa vurmaqdır. Bunun üçün də əlimizdən gələni edəcəyik".

Medina Ağdam təmsilçisinin yeni mövsümdən Çempionlar Liqasında mübarizə aparması haqda da danışıb:

"Çempionlar Liqasında iştirak etmək böyük uğurdur. "Qarabağ"ın ilk hədəfi ölkəni Avropada layiqincə təmsil etməkdir. Biz bu yolda əlimizdən gələni edəcəyik".

Cavid ƏIiyev