Gürcüstan Yüksək Liqasının 6-cı turu çərçivəsində bu gün keçirilən "Merani" - "Samtrediya" matçında (1:2) qonaqların şərəfini qoruyan həmyerlimiz Nicat Qurbanov qol vurduqdan sonra sevincini "Əsgər salamı" ilə qeyd edib.

 Komandasının qələbə qolunu vuran Qurbanov oyundan sonra həmin jesti barədə təəssüratlarını Offsideplus.az-la bölüşüb.

28 yaşlı yarımmüdafiəçi son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı bu addımı atdığını və futbolçu olaraq dəstəyini belə nümayiş etdirdiyini bildirib:

"Artıq neçə gündür ki, ölkədə vəziyyət gərgindir. Bütün gün telefon əlimizdə xəbərləri oxuyuruq. Bir futbolçu olaraq mən də əlimdən gələni etməyə çalışdım. Neçə gün idi fikirləşirdim ki, qismət olsa qol vursam, bu jesti edəcəm. "Əsgər salamı"nı döyüşlərdə şəhid olan bütün əsgər və zabitlərimizin əziz xatirəsinə həsr etdim".

Futbolçu yaşadığı yerdən asılı olmayaraq ordumuza, ölkəmizə dəstək verməyin mənəvi borc olduğunu da vurğulayıb:

"Gürcüstan qonşu ölkədir. Burada xeyli həmyerlimiz yaşayır. Məncə, yaşadığı ölkədən asılı olmayaraq, hər kəs ordumuza, vətənimizə dəstək vermək istəyir. Mən də bir azərbaycanlı kimi, bu vətənin oğlu kimi bunu etməyi özümə borc bildim".

Qeyd edək ki, 6 turdan sonra hesabında 8 xal olan “Samtrediya” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.