Kişi basketbolçular arasında 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, 10 komandanın 4 vəsiqə uğrunda mübarizə apardığı yarışda Azərbaycan yığması A qrupunda sonuncu - 4-cü yeri tutub.

Basketbolçularımız dünən Bakı İdman Sarayında İrlandiyaya 64:79 hesabı ilə uduzublar. Qrupun digər görüşündə Kosovo öz meydançasında İsveçrəyə məğlub olub (73:81).

Beləliklə, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv ilkin seçmə mərhələdə 1 qələbə qazanıb, 5 məğlubiyyətlə üzləşərək, 7 xal yığmağı bacarıb. İsveçrə qrup qalibi qismində növbəti seçmə mərhələyə yüksəlib. Qrupda sonadək ikinci yer uğrunda yarışan İrlandiya və Kosovo arasındakı mübarizə birincilərin xeyrinə başa çatıb. İrlandlar Bakıdakı qələbə sayəsində ikinci pilləyə yüksəlsələr də, bu, ilkin təsnifat mərhələsinin ən yaxşı qrup ikincisi kimi turu adlamağa kifayət etməyib. Bu hüquqa B qrupundan Norveç yiyələnib.

Xatırladaq ki, milli komandamız seçmə mərhələdə yalnız "ev"də Kosovonu üstələyib - 87:77. İsveçrə (72:53; 55:85) və İrlandiyaya (91:67; 64:79) uduzan basketbolçularımız ötən həftə Kosovoya səfərdə 79:81 hesabı ilə məğlub olaraq, vaxtından qabaq növbəti seçmə mərhələ uğrunda mübarizəni dayandırıblar.