Los Anceles "Klipers"in prezidenti Lourens Frenk komandanın yeni üzvü Mak Sturus barədə fikirlərini bölüşüb. O bildirib ki, növbəti mövsümdə "Klipers" çox iddialı olacaq və Sturus heyətin vacib hissəsinə çevriləcək.

Offsideplus.az xəbər verir ki, Lourens Frenk Sturusun yüksək səviyyəli şüt atma bacarığına, oyun oxuma qabiliyyətinə və ötürmə verməkdəki ustalığına diqqət çəkib. O vurğulayıb ki, Sturus hər iki istiqamətdə mübarizə aparır və çoxşaxəli oyun üslubu ona müxtəlif rollarda çıxış etməyə imkan verir: "Mak istənilən sxemə uyğunlaşa bilər və biz onu Los Ancelesdə görməkdən məmnunuq". Qeyd edək ki, 30 yaşlı forvard ötən mövsümün böyük hissəsini ayağındakı əməliyyata görə buraxıb. O, pley-off mərhələsinə qədər tam sağalıb və "Klivlend"in Şərq finalına yüksəlməsində pay sahibi olub. Sturus pley-offda orta hesabla 9,6 xal (oyundan 40,6%, üçlükdən 35,8%), 4,8 ribaund və 2,1 assistlə yadda qalıb, meydançada isə 26,7 dəqiqə keçirib.