"Latsio"nun baş məşqçisi Cennaro Gattuzo komandasının A Seriyasında lider olmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Gattuzo İtaliya çempionatının 8-ci turunda "Parma" üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb. Onun rəhbərlik etdiyi komanda 22 xalla turnir cədvəlinə başçılıq edir. Sabah "İnter" "Fiorentina"nı məğlub edərsə, "Latsio"nu birinci pillədən sala bilər.

"Komandanın əzmkarlığı xoşuma gəldi. Birinci hissədə rəqibin əks-hücumları bizi bir qədər narahat etdi və bəzən sadəlövh oynadıq, lakin sonradan tempi artırıb oyuna nəzarəti ələ aldıq. Komandanın məşqlərini və oyunlara hazırlığını bəyənirəm. Yalnız razı qala bilərəm. Son iki qarşılaşmada irəliləmişik və əvvəlki kimi tempdən düşməmişik. Bu, düzgün istiqamətdə atılan addımdır. Hər oyunun öz çətinliyi var, amma komanda yaxşı formadadır və rəqiblərə problem yarada bilir. Bunun üçün düzgün tempdə oynamalıyıq. Əgər yavaş oynasaq, effektiv olmuruq. Düzünü desəm, bu qədər yüksəkdə olmağı tam haqq etmirik, amma bu bizi narahat etmir. Bununla belə, klubun tarixində gözəl bir səhifə yazırıq. Hər oyunda stadiona 200-300 nəfər artıq azarkeş gəlir, buna görə də eyni ruhda davam etməliyik. "Curva Nord"a təşəkkür etmək istəyirəm: azarkeşlər "Olimpiko" stadionunun girişində futbolçuları qarşıladılar. Hər şeyə ayıq baxmalı, eyni həvəslə işləməyə davam etməliyik, nəticənin necə olacağını isə zaman göstərəcək", – deyə Gattuzo Sky Sport Italia-ya açıqlamasında bildirib.