Kris Polun "Los Anceles Leykers"də rəhbər vəzifəyə gətirilə biləcəyi ehtimalı gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, bu iddialar klubun yeni sahibləri olması gözlənilən Coş Kuşner və sabiq Disney rəhbəri Bob Aygerin adı ilə bağlıdır.
ESPN-in NBA Today proqramında Ramona Şelbern bildirib ki, Polun Aygerlə yaxın dostluğu və onun mentorluğu bu ehtimalı artırır. "Kris Pol Bob Aygerin çox yaxın dostudur. O, Kris üçün bir mentor olub. Bu, onun üçün nə deməkdir, bilmirəm, amma düşünürəm ki, onlar danışacaqlar", – deyə Şelbern qeyd edib.
Kris Pol fevralda 21 illik NBA karyerasını başa vurdu. Meydançaya qayıdışı gözlənilməsə də, onun təcrübəsi və basketbol biliyi "Leykers"də rəhbər vəzifəyə namizəd olmasına zəmin yarada bilər. Hazırda nə Pol, nə də potensial sahiblər arasında konkret danışıqlar və ya vəzifə barədə açıqlama verilməyib.
Qeyd edək ki, 2011-ci ildə Polun "Leykers"ə transferi NBA tərəfindən bloklanmışdı. Daha sonra o, "Los Anceles Klippers"də altı mövsüm çıxış etmişdi.
Məlumata görə, Kuşner və Ayger "Leykers"i Mark Volterdən 12 milyard dollardan baha qiymətə almaq üçün razılığa gəlib. Əgər bu transfer baş tutsa, bu, peşəkar idman klubları arasında rekord satış kimi tarixə düşəcək.


