"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la ilk oyunu üçün Cəbəllütariqə yollanmamışdan əvvəl jurnalistlər üçün brifinq keçirib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis komandaya yeni futbolçular cəlb etmək istədiyini qeyd edib:

"Hazırda komandada vəziyyət yaxşıdır. Aramıza son olaraq Şahruddin Məhəmmədəliyev qoşuldu. Digər qolkiperimiz Buntiç isə yaxşı adaptasiya keçib. İstəyirik ki, yeni transferlər mütləq olsun. Bu yöndə çalışmalarımız davam edir. İzlədiyimiz oyunçular var. Bəzi futbolçular və klublarla danışıqlar aparırıq. Bu, ilboyu gedən prosesdir. Uğur alınsa, dəyişiklik etmək istəyirik. Hücum xəttinə oyunçular düşünürük, müdafiə üçün də izlədiklərimiz var".

Qeyd edək ki, “Linkoln” - “Qarabağ” görüşü iyulun 23-də, Bakı vaxtı ilə 20:00-da start götürəcək.