"Rəqibi təbrik edirəm. Yaxşı, vacib qələbə qazandılar. Biz də ümumi götürəndə "Qarabağ"la matçdan sonra istədiyimiz oyunu tapa bilmirik. Epizodlarla nəsə edirik. Ancaq bu, hələ istədiyim "Araz-Naxçıvan" deyil".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 13-cü turunda evdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, "Rəqibin düşərgəsində xaotik vəziyyət var idi. Belə rəqibə qarşı oynamaq çətin idi? Komandanızda arxayınlıq var idimi" sualını cavablandırıb: "Əksinə, biz dünən oyunun analizində onlara deyirdik ki, "Kəpəz" hücumda çox yaxşıdır, kəsərli hücumları var. Necə sığortalanmaq barədə danışmışdıq. Sadəcə, bizim səhvimiz başqa yerdə idi. Hücuma keçid fazasında böyük problemlərimiz var. Amma ümumilikdə biz elə komandayıq ki, qol vurmayanda daha çətin olur. Qol vurmaq lazımdır. Epizodlar var, sadəcə istədiyimizi edə bilmirik".

Mütəxəssis futbolçusu Miça Kuzmanoviçin son oyunlarda zəif çıxış etməsinə toxunub: "Razıyam, düşüş var. Fərdi söhbətdə ona demişəm. Beş tur yaxşı oynadı, daha sonra demək olar ki, çox eniş var. İstəyir ki, nəsə etsin. Sadəcə rəqiblərin onu yaxşı analiz etməsinə görə, kreativliyi artırmalıdır. Nuno Rodriqes daha yaxşı görünür. İlk turlarda daha zəif təsir bağışlayırdı. Bəlkə də rotasiyalar etməliyik".

O, "Araz-Naxçıvan"ın mövsümün əvvəlində hazırlıq keçməməsinin komandanın nəticələrinə təsir etmədiyini deyib: "Deməzdim. Futbolda belə hallar olur. "Qarabağ"a qarşı yaxşı oynadıq, sonra "Sumqayıt"a məğlubiyyət. Bu gün qol epizodlarımız var, sadəcə reallaşdıra bilmirik. Biz elə komandayıq ki, epizodları vurmalıyıq. Vurmayanda problemlərimiz olur. O da bu gün görünür".