"Çətin oyun oldu. Məğlub olanda hirsli başla düşünmək, nələrisə demək çətin olur. İkinci hissədə daha yaxşı oynadıq. Əgər məğlubiyyətdən düzgün nəticə çıxaracağıqsa, bunun özü də qələbədir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 11 turdan sonra nisbətən zəif oynamaqları normaldır: "Yenə deyirəm, nəticə çıxarmalıyıq. Rotasiya etmək üçün geniş heyətimiz yoxdur. Bunu yerli oyunçular baxımından deyirəm. Legionerlərlə bağlı problem yoxdur. Bu gün azarkeşlər Bayraməlini tanıdı. Orxan Əliyevin səhhətində də problem var idi. Halbuki onu əsas heyətdə meydana buraxmaq istəyirdik. Çalışırıq ki, yoxdan var edək, nəsə düzəldək.

Qurban Qurbanov ölkəmizdə bir nömrəli baş məşqçidir. Digər məşqçilər meydanda ona rəqib olmağa çalışır".