Avqustun 18-də Misli Premyer Liqasında üçüncü tur start götürəcək.

 İkinci turda "Qəbələ"ni 2:0 hesabıyla məğlub edən "Araz-Naxçıvan" "Qarabağ" səfərinə yollanacaq. Naxçıvan təmsilçisi bu matça da ciddi hazırlaşır.

"Qırmızı-ağlar"ın baş məşqçisi Azər Bağırov Offsideplus.az-a açıqlamasında "Qarabağ"la görüşdə maraqlı oyuna şahid olacaqlarına ümid etdiyini bildirib:

"Qarabağ"la oyuna ciddi hazırlaşırıq. Bu komandaya qarşı oynamaq çətin və məsuliyyətlidir. Belə qarşılaşmanın hər dəqiqə, saniyəsi çox məsuliyyətlidir. "Qarabağ"la oyunda edəcəyimiz bir səhvlə qapımızda qol görə bilərik. Ona görə də, istər müdafiə, yarımmüdafiə, istərsə də hücumda futbolçularımızdan maksimumunu etməsini istəyirik. Tam gücümüzlə oyuna konsentrasiya olmağa çalışırıq. Proqnoz verməyi xoşlamıram. Bu matçda maraqlı oyunun şahidi olacağımıza ümid edirəm".

Bildirək ki, avqustun 20-də keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" görüşünün start fiti saat 18:00-da veriləcək.

Daşqın Əziz