“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 31-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Öncə xalqımızı bayram münasibətilə təbrik edirəm! Çox həyəcanlı, maraqlı matçın şahidi olduq. Səfərdə 0:2 hesabıyla geriyə düşmüşdük. Üstünlük onların tərəfində idi. Sonra hesabı bərabərləşdirdik. Əvəzetmələrdən sonra pressinq etməyə başladıq. Təəssüf ki, qol epizodlarından yararlana bilmədik. Futbolçularıma təşəkkür edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, sonra tarazlıq yarada bildik. Səfərdə “Qarabağ”a qarşı oynamaq çətindir. Düşünürəm ki, ədalətli nəticə heç-heçə idi. Futbolçularım meydançada bacarıqlarını göstərdilər. Fərqli nəticə də görə bilərdik. Şükürlər olsun ki, bir xal qazandıq. Naşükürlük etmirik. Bəlkə də, "Qarabağ"la görüşlərdən öncə ən çox yada saldığım oyun 7:1-lə nəticələnən görüşdür. Həmin oyunu futbolçularıma tez-tez xatırladıram. Ardını da gətirə bilərdik".