"Bayer"in rusiyalı qapıçısı Andrey Lunyovun "Qarabağ" klubuna transferi mümkündür.

Offsideplus.az "RB Sport"a istinadən xəbər verir ki, futbolçunun agenti Anton Smirnov Lunyovun "Qarabağ"a keçə biləcəyini istisna etməyib. O, 32 yaşlı qolkiperin İngiltərə Çempionşipdən və Türkiyə Super Liqasından da təklif aldığını açıqlayıb:

"Bayer"in yeni qolkiper (Patrik Pents, "Reyms" klubundan) cəlb etməsi vəziyyəti 180 dərəcə dəyişib. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir, amma bir neçə variantımız var: Çempionşip, Türkiyə klubları və "Qarabağ".  Ağdam təmsilçisi ilə birbaşa əlaqə saxlamamışıq, lakin bu gün "Bayer"in idman direktoru "Qarabağ"ın kluba rəsmi məktub göndərdiyini bildirdi. Rəhbərlik qapıçının qərarına hörmət edir. Məqbul variant və sağlamlığı ilə bağlı hər şey qaydasında olarsa, onu buraxacaq. Əks halda, problem də yoxdur. Andrey müqaviləsinin sonunadək "Bayer"də qalacaq. Vəziyyətinə baxıb qərar verəcəyik. Yaxın müddətdə meydana qayıda bilsə, başqa kluba keçməyə çalışacaq. Elə ölkələr var ki, məsələn, Türkiyə və Azərbaycan, orada transfer pəncərəsi gec bağlanır".

Qeyd edək ki, 2021-ci ildə Leverkuzen təmsilçisinə keçən Lunyov ötən mövsüm bu klubun heyətində Bundesliqanın bürünc medalını qazanıb.

Mövsümün əvvəli Bundesliqada "Auqsburq”la oyunda 90 dəqiqə meydanda olan təcrübəli qapıçı daha sonra zədə səbəbindən "Bayer 04”ün əsas heyətindəki yerini itirib.