AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. 

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, "Sabah"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın X tur matçının 84-cü dəqiqəsində ikinci xəbərdarlığı alaraq meydandan kənarlaşdırılan və daha sonra stadionun giriş qapısının şüşəsini sındıran "Zirə" klubunun futbolçusu Coşqun Diniyevin cəzasını azaldılıb. 27 yaşlı yarımmüdafiəçinin 2 oyunluq cəzası 1-ə endirilib. Paytax təmsilçisi bunun üçün 2400 manat məbləğində cərimələnib. Stadiondakı əmlaka Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək.

"Səbail"in futbolçusu Tural Bayramlı XI turda "Şamaxı" ilə görüşün 42-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 2 oyunluq cəzalanıb, "dənizçilər" isə 1600 manat cərimə ödəyəcək.

 "Neftçi"nin oyunçusu İsmayıl Zülfüqarlı "Sabah"a 2:3 hesabı ilə uduzduqları oyunda birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb. "Ağ-qaralar" Zülfüqarlının bu hərəkətinə görə 1600 manat ziyana düşüb.