Ölkəmizdə "Qarabağ" və "Neftçi" kimi klubların formasını geyinmiş Donald Gerye yenidən Azərbaycan Premyer Liqasında top qovmaq istəyir.

 Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında 33 yaşlı sol cinah müdafiəçisinin özü verib. Haitili futbolçu yenidən Azərbaycana qayıtmaq və elita təmsilçilərindən birinin heyətində çıxış etmək istədiyini söyləyib.

Lakin Gerye ölkə klublarının hansındansa konkret təklif almadığını bildirib. Hazırda Polşada yaşayan və azad agent olan oyunçu sərfəli təklif olacağı təqdirdə, ölkəmizə qayıdacağına hazır olduğunu dilə gətirib.

Son olaraq Polşanın "Veçista" (Krakov) komandasının uğurları üçün çalışmış Gerye hazırda klubsuzdur.

Bildirək ki, o, 2017-2019-cu illərdə "Qarabağ"da çıxış etdikdən sonra "Neftçi"yə keçmişdi. 2020-ci ildə yenidən Ağdam təmsilçisinin sıralarına qoşulan haitili 1 ildən sonra "atlılar"ı  Kiprin "Apollon" klubuna dəyişmişdi.

Daşqın Əziz