Bugünlərdə belə bir məlumat əldə etmişdik ki, Yunis Hüseynov növbəti mövsümdə "Şamaxı" klubunu çalışdıra bilər.

 Məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün 57 yaşlı mütəxəssisin özüylə əlaqə saxladıq. Hazırda işsiz olan təcrübəli çalışdırıcı klubdan belə bir təklif almadığını söylədi:

"Xeyr, belə bir söhbət yoxdur. Klubdan mənə nə bu barədə təklif gəlib, nə də hər hansı danışıq olub. Belə bir şey olsa da, can-başla işimi görməyə hazıram".

O, yenidən işinin başına dönmək istədiyini, lakin buna maneçilik törədən şəxslərin olduğunu da dedi:

"Sizlərə təşəkkür edirəm ki, məni tez-tez yada salırsınız, yenidən işimin başında olmağımı istəyirsiniz. Amma bunu istəməyənlər də var. Hansı ki, çox vaxt buna maneçilik törədirlər. Sağlıq olsun, nə zaman təklif gəlsə, Yunis Hüseynov yenidən Azərbaycan futboluna xidmət etməyə hazırdır".

Qeyd edək ki, Yunis Hüseynov 2020/2021 mövsümündə hazırda "Şamaxı" adıyla mübarizə aparan "Keşlə"ni çalışdırıb.

Onu da diqqətinizə çatdıraq ki, mütəxəssisin adı bundan əvvəl yenidən Premyer Liqaya gətirilən "Turan Tovuz"la da hallanırdı. Lakin qərblilər "Sumqayıt"ın sabiq baş məşqçisi Ayxan Abbasovla anlaşıb.

Daşqın Əziz