"Milli yaxşı təsir bağışlamadı. Oyundan qabaq da demişdim ki, bu görüş Azərbaycan yığması üçün yaxşı keçməyəcək. Ona görə ki, yeni ildə ilk oyunumuz idi və futbolçular bir-birini başa düşməkdə çətinlik çəkirdilər".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, yoxlama oyunları çərçivəsində ötən gecə baş tutan Malta - Azərbaycan görüşüylə (1:0) bağlı fikirlərini bölüşüb:

"Malta bu matçda çox yaxşı təsir bağışladı. İlk hissədə Azərbaycan millisindən qat-qat üstün futbol oynadılar. Qol epizodunda da rəqib komanda ustalıq nümayiş etdirdi. Yığmamız isə ikinci yarının əvvəllərində bir qədər yaxşı oynadı, lakin De Byazinin yetirmələri ələ düşən qol imkanlarından yararlana bilmədilər. Bəzi futbolçular individual şəkildə də pis təsir bağışladılar. Oyun boyu xeyli səhvlərə yol verdilər. Ümumilikdə, Azərbaycan millisinin oyunu bərbad alındı. Durub yalandan deyə bilmərik ki, yaxşı idi".

57 yaşlı mütəxəssis Azərbaycan yığmasının martın 29-da Latviya millisi ilə keçirəcəyi ikinci yoxlama oyunu barədə də danışıb:

"Latviyaya qalib gəlməliyik. Onlarla bundan əvvəl üz-üzə gəlmişik. Həmin oyunda Azərbaycan qalib gəlmişdi (2018-ci ildə keçirilən yoxlama matçı: Latviya 1:3 Azərbaycan - red.). Zəif komandadır, bu gün də uda bilərik. Dünən Küveyt millisi ilə 1:1 hesablı heç-heçə etdilər. Qarşıdan Millətlər Liqası turniri gəlir. Bunun üçün də Latviyanı udub, kollektivdəki ab-havanı düzəltmək lazımdır".

Daşqın Əziz