Polşa “Legiya”sının “Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istədiyi barədə xəbərlər yayılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə informasiya adıçəkilən ölkənin mətbuatında tirajlanıb. Belə ki, Varşava təmsilçisinin "Qarabağ"ın kabo-verdeli mərkəz yarımmüdafiəçisi Patrik Andradeylə maraqlandığı qeyd olunub. Məlumatda o da vurğulanıb ki, "köhlən atlar" Andradenin satılmasına qarşı deyil.

Məsələylə bağlı Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadəyə müraciət etməyi lüzum gördük. O, kluba nəinki Andrade, heç bir futbolçuyla bağlı rəsmi müraciətin daxil olmadığını bildirdi:

"Heç bir oyunçunun transferi ilə bağlı klubumuza rəsmi müraciət daxil olmayıb. Patrik Andrade müqavilə ilə "Qarabağ"a məxsusdur və Antalyada keçiriləcək toplanışımızda iştirak edəcək. Yanvarın 5-də düşərgəmizə qoşulacaq".

Qeyd edək ki, 28 yaşlı futbolçu ötən ildən "Qarabağ"ın uğurları üçün çalışır.

Əlavə edək ki, "Legiya" klubu ötən il "Qarabağ"dan millimizin 24 yaşlı hücumçusu Mahir Emrelini transfer edib.

Daşqın Əziz