"Qarabağ" - "Neftçi" görüşündə (1:2) meydandan qovulan 4 futbolçunun cəzası açıqlandı.

Offsideplus.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında qəbul edilən qərara əsasən Voislav Stankoviçlə Mamadu Kane 1, Ömər Buludov qarşıdakı 2 oyunda forma geyinə bilməyəcək. Rəqibnə kəllə atan Kevin Medinanın cəzası isə etdiyi hərəkətə uyğun oldu - 4 oyun.

"Qarabağ"lıların bu qərarla razılaşmayacağını düşünmək olar. Lakin Medinanın qısa müddətdə birbaşa aldığı ikinci "qırmızı" olduğundan, klub rəhbərliyinin apellyasiya şikayəti edib-etməyəcəyi sual doğurur. Kolumbiyalı müdafiəçi Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan "Qarabağ" - "Zirə" qarşılaşmasının (3:2) əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə təcavüzkar davranışa görə qarşısında "qırmızı" görmüşdü. Belə olduğu halda Apellyasiya və Ekspert Komitəsinin ağdamlıların mümkün şikayət məktubuna isti yanaşacağı inandırıcı görünmür. 

Maraqlıdır, "Qarabağ"lılar qərarla razılaşır, yoxsa apellyasiya məktubu yazmaq niyyətləri var?

Sualı klubun mətbuat katibi Gündüz Abbaszadəyə ünvanladıq: "Bildiyiniz kimi, qərar yeni açıqlanıb. Verilən cəza ilə bağlı indi nəsə demək tezdir. Yəqin ki, götür-qoy ediləndən sonra şikayət edib-etməməklə bağlı qərar veriləcək".