Ötən yay Avroliqada ilk oyundaca "Laçi"yə boyun əyən "Keşlə" cari Premyer Liqa mövsümündə uğursuz nəticələri sıralayırdı. Məğlubiyyəti həzm etməyən klubun Müşahidə Şurasının rəhbəri  Zaur Axundovun buna göz yummayacağı gün kimi aydın idi.

Baş məşqçi Yunis Hüseynov hər uğursuz nəticədən sonra “mövsümün sonuna çox var” deməklə özünə divident qazanmağa çalışsa da, Axundovun gözləməyə səbri çatmadı. Nəticədə təcrübəli mütəxəssislə yollar ayrıldı.

Yunis Hüseynovun boş qoyduğu kresloda bundan sonra əyləşməyə kimin həvəs göstərəcəyi önəmli deyil. Önəmli olan “Keşlə”də baş məşqçilərin “əlcək” kimi dəyişdirilməsidir. 2009-15-ci illər aralığında o vaxtkı adı “İnter” olan komandanı çalışdıran Kaxaber Tsxadadzenin gedişindən sonra paytaxt təmsilçisi heç bir məşqçiyə uzun müddət güvənməyib.

Hətta komandaya uğur qazandıran mütəxəssislər belə “sükan” arxasında çox duruş gətirə bilmir. Elə isə, “Keşlə”də 2015-in yayından bu yana, yəni son 5 ilyarımdakı dəyişikliklərə birgə nəzər salaq.

Zaur Svanadze  2015 iyun – 2017 oktyabr      

Ramiz Məmmədov  2017 oktyabr – 2017 dekabr   

Yuri Maksimov  2017 dekabr – 2018 iyul    

Mladen Milinkoviç 2018 iyul – 2018 oktyabr    

Tərlan Əhmədov 2018 oktyabr – 2020 avqust

Yunis Hüseynov  2020 avqust – 2021 yanvar

Göründüyü kimi, vəziyyət heç də ürəkaçan deyil. Hətta komandaya ölkə kubokunu, bürünc medalları qazandıran, avrokuboklarda mərhələ adlayan mütəxəssislərə münasibət də birmənalı olmayıb.

Futbolda nəticə qazanmağın əsas şərtlərindən biri yetərli vaxt olduğu halda, “Keşlə”nin məşqçilərinə bu imkan yaradılmır. Odur ki, Sənan Qurbanovun bu qorxulu işə qol qoymasının sonradan necə sonuclanacağını birlikdə görəcəyik.

Maraq üçün xatırladaq ki, sonuncu dəfə 9-cu turda "Qəbələ"ni udan (3:0) bakılılar son 5 oyunun 4-də məğlub olub, 1 matçda bərabərə qalıb.