Az öncə başa çatan "Keşlə" - "Sumqayıt" qarşılaşmasından sonra (0:1) meydan sahiblərinin baş məşqçisi mətbuat konfransında jurnalistlərin önünə çıxıb. Təcrübəli mütəxəssis oyunla bağlı fikirlərini dilə gətirib, daha sonra sualları cavablandırıb: “Hər bir komanda qələbə qazanmaq istəyir. Fasilədən sonrakı ilk oyunlarda güclər bərabər olur. Təəssüf ki, qələbə qazana bilmədik. İlk hissədən etibarən meydanda azlıqda qaldıq. Amma komandamın oyunundan narazı deyiləm. Uşaqlar yaxşı mübarizə apardılar. 10 nəfərlə qalsaq da, üstünlük bizdə idi. Sadəcə, imkanlardan istifadə edə bilmədik”.

- Elçin Mustafayevin səhvi bağışlanacaq?

- Hər bir gənc oyunçunun üstündən bir səhvə görə xətt çəkilsə, oyunçular inkişaf edə bilməz. Çalışacağıq onu həvəsləndirək.

- Vüsal İsgəndərli bu gün formada deyildi...

- Əksinə, mən Vüsaldan da, digər oyunçulardan da razı qaldım. Təki pis oynayıb 3 xal qazanasan. Amma bu gün uduzmalı deyildik.

- Növbəti oyunda sağ cinahda kimi oynadacaqsız?

- İndidən bunu deyə bilmərəm. Amma o cinahda oynamağa futbolçularımız var.

- Anatole Abanq dərhal əsas heyətdə meydana çıxacaq futbolçudur?

- Artıq çəkisi yoxdur, bunu əmin edə bilərəm. Bu, onun ilk oyunudur. "Neftçi" ilə yoxlama görüşündə özünü yaxşı tərəfdən göstərmişdi. Oyun ərzində sürüşmələrinə mən də əsəbləşdim. Amma matçdan sonra bildik ki, butsunda problem var.

- Ardıcıl məğlubiyyətlərin səbəbi, komandada çatışmayan cəhət nədir?

- Normal oynayırıq. Amma qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Rəqibin bugünkü qolu da bəxtsizlikdən oldu. Hər oyunda 2-3 qol şansın olur, yararlanmadınsa, əlbəttə, uduzacaqsan. Futbolda bəxt amili də böyük rol oynayır. 25-ci dəqiqədə artıq 3-4 oyunçumuz sarı vərəqə almışdı. Bu da oyunçuların ehtiyatlı oynamasına səbəb olur. Bu gün 10 nəfərlə rəqibdən yaxşı oynadıq.

- Klub rəhbəri Zaur Axundovun bu nəticələrə münasibəti necədir?

- Zaur müəllim komandaya inanır. Bir oyunla hər şeyin üstündən xətt çəkmək olmaz. Belə davam etsək, daha yaxşı olacaq. Komandamıza özüm kimi inanıram.