"Keşlə" - "Sumqayıt" matçından sonra (0:1) qonaqların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin önünə çıxıb. 39 yaşlı çalışdırıcı oyunla bağlı fikirlərini dilə gətirəndən sonra sualları cavablandırıb: “Çempionat yenidən başladı. Bütün komandalara uğur arzulayıram. İnanıram ki, hər oyun belə gərgin və maraqlı keçəcək. Komanda olaraq bu qələbəyə ehtiyacımız var idi. Bir çox oyunlarda məğlub olduq. Xəstəlik səbəbindən bir çox oyunçularımız kənarda qalmışdı, bəzi matçlara məcburiyyətdən çıxdıq. Bu gün futbolçularımız taktiki cəhətdən düzgün oynadılar. İkinci qolu da vurmalıydıq. Belə oyunlarda rəqibin sonda üstünə gəlir və bunu bilirdik. Əks-hücumlar etsək də, yararlana bilmədik. Ümumilikdə, oyunçularımdan razıyam. Bilirəm ki, ilk 3 tur ağır keçəcək formaya düşmək baxımından. Tam formaya düşmək üçün belə oyunlara ehtiyacımız var.

- Bu oyundakı analizlərə əsasən "Səbail"lə matça necə hazırlaşacaqsız?

- Çempionatımızda autsayder yoxdur. "Səbail"in dünənki oyunu da bunu göstərdi. Ondan əvvəl kubok oyunumuz var. "Neftçi" və "Qarabağ" istisna olmaqla hansısa komandanı favorit saymaq olmaz. "Səbail" bəyəndiyim komandadır.

- İkinci hissənin zəif keçirməyinizin səbəbi nə idi: "Keşlə"dəki əzmkarlıq, yoxsa arxayınlıq?

- "Keşlə"nin daha çox hücum etməsi. Vüqar Mustafayevi arxaya çəkdikdə orta xətt effektiv olmadı. Rəhim Sadıxov hələ formada deyil, təzə sağalıb. Bəli, başqa cür oyun gözləyirdim. İkinci qol, bəlkə də, daha çox qola yol açardı. Rəqib standart vəziyyətlərdən fərqlənməyə çalışırdı. Bir neçə belə imkanı da oldu.

- Kərəm Sultanovun gedişi nə ilə bağlı idi?

- Kərəm pis futbolçu deyil. Ağır zədədən çıxmışdı. Ümid edirdik ki, uyğunlaşar. Avrokubok oyunu idi, transfer etməli idik. Kərəmə sabit oynamaq lazım idi ki, formaya düşsün. Amma bizdə bu imkanı çox əldə etmədi.

- "Transfer pəncərə"sinin "Sumqaylt" üçün bağlandığını demək olar?

- Təklif olunan futbolçularla bağlı götür-qoy etdik. Bizdə cinahlarda problemlər var idi. Komandaya qayıdan Mehdi Şərifi çox istəklidir. Növbəti matçlarda hətta əsas heyətdə meydana çıxa bilər. Höccət Haqverdiyev birinci hissəni yaxşı keçirdi, amma zədələndi.