Hücum xəttini gücləndirməyi planlaşdıran "Neftçi"nin Ceyms Adeniyi ilə maraqlandığı deyilir.

Hücumçu müqavilə ilə "Qəbələ"yə məxsus olsa da, hansısa məbləğ qarşılığında məsələyə nöqtə qoymaq olar. Ceymsin özü də saytımıza açıqlamasında "Neftçi"də oynamağın şərəf olduğunu bildirmişdi. 

Offsideplus.az-ın əməkdaşı dünən "Neftçi TV"nin qonağı olarkən məsələyə aydınlıq gətirmək üçün klubun baş meneceri Qədir Həsənovdan "Neftçi"nin Adeniyə ilə maraqlanmaq xəbərinin nə dərəcədə doğru olduğunu soruşub. Həsənovun cavabı belə olub: "Ceymslə indiyə qədər rəsmi şəkildə heç bir danışığımız olmayıb. Nəinki onunla, ümumiyyətlə heç kimlə rəsmiyətə keçməmişik. Bu gün yalnız izləməklə məşğuluq. Axtarışlarımız davam edir, konkret danışıqlara başladığımız futbolçu yoxdur. Futbolçunun idmançı bacarığını bəyənməkdən başqa onun insani keyfiyyətləri, ailə vəziyyəti, öncəki klublardakı davranışları da olduqca vacibdir. Və ən əsası, futbolçunun qısa müddətdə ab-havaya uyğunlaşmaq bacarığı. Dediyim kimi, axtarışlar davam edir. Hətta qış fasiləsində hücumçu ilə güclənməyə də bilərik".

Qeyd edək ki, "Neftçi" son 3 ildə "Qəbələ"dən Aqil Məmmədov, Baqali Dabo, Stiven Jozef-Monroz, Voislav Stankoviç kimi futbolçuları heyətinə qatıb.