"Qəbələ" müqaviləsi cari mövsümün sonunda başa çatacaq nigeriyalı hücumçusu Ceyms Adeniyi ilə bağlı yenidən İsraildən təklif alıb.

Offsideplus.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov bu ölkənin 1 yox, 2 klubundan real təklif aldıqlarını bildirib:

"Hazırda götür-qoy edirik. Ehtimal edirəm ki, indi ən real məsələ İsrail təklifinin dəyərləndirilməsidi. Ordan 2 klubdur ki, bunadək Ceymsi icarəyə verdiyimiz Kiryat-Şimona "Hapoel"inin də ona marağı var. Yəqin, 1-2 günə aydınlıq gələr".

Əzizov qış transfer dövründə hücum xəttinə futbolçu transferini nəzərdə tutduqlarını açıqlayıb:

"Bunların hamısı Ceymsin gedişiylə bağlıdı. Bizə maraqlı, büdcəmizə uyğun ola biləcək futbolçulara onsuz da ilboyu baxırıq. Adenyinin gedişi reallaşsa, həmin vaxt ola bilər ki, yeni futbolçu gətirdik. Çünki nəticədə Rodriqo Qattas da komandamızdan ayrılıb. Mümkündü ki, bu iki legionerin yerinə bir nəfər hücumameylli oyunçu cəlb edək. Amma bunlar hamısı Ceyms gedərsə, baş verəcək".

Xatırladaq ki, "Qəbələ" Adeniyini 2018-ci ilin yayında Albaniyanın "Skenderbeu" klubundan transfer edərək 3 illik müqavilə imzalayıb. 28 yaşlı forvard keçən mövsümü "Hapoel"də keçirərək 19 matçda 3 qol vurub (Sport24).