"Keşlə" - "Səbail" qarşılaşmasından sonra (0:2) mətbuat konfransı baş tutub.

Offsideplus.az xəbər verir ki, Yunis Hüseynov koronavirusa yoluxduğunda mətbuat konfransında jurnalistlər önünə köməkçisi  Zaur İsmayılov çıxıb.

Köməkçi-məşqçi oyun haqda bunları deyib: "Qələbə münasibətilə rəqibi təbrik edirəm. Bildiyiniz kimi, neçə vaxtdır məlum vəziyyətə görə oyunlar keçirilmirdi, məşqlər istədiyimiz şəkildə baş tutmurdu. Bu da istər-istəməz oyunda özünü göstərdi. İki fərqli hissə izlədik. İlk yarıda rəqib əlinə düşən imkanlardan maksimum yararlandı, fasilədən sonra üstünlük tərəfimizə keçsə də, qol vura bilmədik. Hücumların kəsərini artırsaq da, xeyri olmadı. Bu məğlubiyyətlə işimizi bir az da çətinləşdirdik. Növbəti turda səfərdə "Neftçi"ylə oynayacağıq".

İsmayılov son 6 oyunda yalnız 1 qələbənin əldə olunmasına belə şərh verib: "Bunu qol şanslarından istifadə edə bilməməklə əlaqələndirirəm. Elə oyunlarımız olub ki, rəqib üstün oynamışıq, qol imkanları yaratmışıq, lakin qələbə qazana bilməmişik. Yunis müəllim olsaydı, necə olardı? Bunu demək olmaz. Hər şey ola bilərdi".