"Maraqlı oyun oldu. Bundan əlavə, komanda yaxşı hazırlaşmışdı. Qalib gəlmək istəyirdik. Məncə, rəqibdən daha yaxşı oyun nümayiş elətdirdik. Təəssüf ki, ikinci hissənin başlanğıcında qırmızı vərəqə alıb azlıqda qaldıq. Buna baxmayaraq, komandamız xarakter göstərib bərabərə qaldıq. İlk 19-cu dəqiqədə 4 sarı vərəqə alan komandam ikinci hissədə mütləq ikinci də alacaqdı. Bizdə həmçinin zədəli oyunçular vardı. 4 oyunçumuz isə virusa yoluxub. Vüsalın nəticəsi dünən yaxşı çıxdı, məşq etmişdi. Ümumilikdə komandanın çıxışından razı qaldım. Əfsuslar olsun ki, qələbə qazanmadıq, bunun üçün əlimizdən gələn hər şeyi etmişdik. Hakimin səhvləri imkan vermədi ki, bu gün qalib gələk".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" ilə oyundan sonra "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov deyib. 

İlkin Qırtımovun yerə buz dağıtması məsələsinə toxunan baş məşqçisi oyunçunun lazımi cəzanı alacağını qeyd edib:

"Açığı, Qırtımovun o hərəkətini görmədim. Buz vurduğunu görmüşdüm, düzdür bunu etmək olmaz. Mənə deyir ki, "Yusif müəllim, sevindiyimdən vurdum, yerə daş vurmadım ki". Amma təbii ki, futbolçularla bu danışıqlar olacaq, imzaladığı kodeksdə cəza nədirsə, bunu ödəyəcəklər".

"Xəstələrimiz, zədəlilərimiz və qırmızı vərəqə alanlarımız çoxdur. Gələn oyuna çıxarmağa oyunçularımız demək olar ki, yoxdur. İnşallah gələn oyuna komanda xarakter nümayiş eləyib qalib gələcək", - deyə Hüseynov oyunçu azlığı məsələsinə toxunub.