FİFA İtaliyanın "Sampdoriya" klubundan gələn şikayətdən sonra araşdırmalara başlayıb.
Offsideplus.az xəbər verir ki, qurum "Mançester Yunayted"in yanvar ayında Lissabon "Sportinq"indən transfer etdiyi Bruno Fernandeşə görə hərəkətə keçib.
Belə ki, 55 milyon avroya "qırmızı şeytanlar"ın heyətinə cəlb edilən 25 yaşlı yarımmüdafiəçinin sərbəst qalma məbləğinin 100-də 10 faizi keçmiş klubu "Sampdoriya"ya çatmalı idi. İtaliya klubu isə "qənimətdən" payını almayınca FİFA-ya şikayət ünvanlayıb və məsələnin araşdırılmasını tələb edib.
FİFA artıq klubun şikayətini qəbul edib və bu yöndə araşdırmaların başlandığını bildirib.
"Sportinq" isə bununla razı deyil və Fernandeşin 2018-ci ildə "Sampdoriya" ilə müqaviləsini ləğv etdiyini bəyan edib.
Qeyd edək ki, sözügedən futbolçu "Mançester Yunayted"in heyətində çıxdığı 9 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.