Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UEFA arasında onlayn-konfrans keçirilib.
Offsideplus.az xəbər verir ki, təşkilat koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilin sonunadək beynəlxalq turnirlərin ləğv edilməsini tövsiyə edib. Qurumun iki epidemioloqunun təqdimatından sonra belə addımın vacibliyi qeyd olunub.
UEFA ÜST-ün tövsiyələri ilə razılaşmayıb. Çünki bu 2021-ci ilin yayında 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-nin də ləğvi anlamına gəlir.
Qeyd edək ki, dünən milli assosiasiyalarla da analoji konfrans keçirən UEFA milli çempionatların başa çatdırılması, ardınca avrokubokların da oynanılmasının tərəfdarı olduğunu nümayiş etdirib. Qurum milli komandaların payızdakı oyunlarının da keçirilməsinin mümkünlüyünü bəyan edib. Qurumun sabahkı videokonfransda avrokuboklarla bağlı qərarı açıqlayacağı gözlənilir.