Şose velosipedi üzrə Azərbaycan Kubokunun 1-ci mərhələsi başa çatıb.
Offsideplus.az Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətinə istinadən xəbər verir ki, 3 yaş kateqoriyası üzrə 60-a yaxın idmançının iştirak etdiyi yarışın 2-ci günündə velosipedçilər qrup ötüşməsində ən güclüləri müəyyən ediblər.
17 yaşadək qızların 32 km məsafəyə mübarizəsi 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsilə başa çatıb. Oğlanlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev 1-ci yeri tutub.
Gənc oğlanların 64 km məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Kamran Mirzəxanov finiş xəttini 1-ci keçib. U23/Elit yaş kateqoriyasında Müdafiə Sənayesi Nazirliyi Velosiped Klubunun velosipedçisi Musa Mikayılzadə 64 km-lik məsafəni hamıdan tez qət edib. Dünya Velosiped Mərkəzinin üzvü Ayan Xankişiyeva isə U23/Elit kateqoriyasında yarışan xanım velosipedçilər arasında çempionluq sevinci yaşayıb.
Mükafatlandırma mərasimində AzVİF-in prezidenti Mədət Quliyev, 1-ci vitse-prezident Sahib Ələkbərov, vitse-prezidentlər Robert Eyyubov və Fuad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Velosipedçiləri təbrik edən M.Quliyev Azərbaycan Kubokunun 1-ci mərhələsinin təşkilinə yaxından dəstək verən Gənclər və İdman Nazirliyinə və Daxili İşlər Nazirliyinə öz təşəkkürünü bildirib.
Azərbaycan Kubokunun 2-ci mərhələsi fevralın 19-20-də keçiriləcək.