UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilən “Qarabağ” – “Nant” (Fransa) matçından (3:0) sonra qonaq komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
- Böyük hesablı məğlubiyyətin səbəbini nədə görürsüz?
- İlk hissədə yaxşı oynadıq. Amma qol vura bilmədik. “Qarabağ” bundan istifadə etdi. 12 dəqiqəyə 3 qol vurdular. Rəqibə “afərin” deyirəm. Bravo!
- İstefa verməyi düşünürsüz?
- Əlbəttə, yox. İdmanda udursan da, uduzursan da. Biz “Qarabağ”la cavab oyununu gözləyəcəyik ki, revanş ala bilək.
- Azarkeşləriniz oyundan əvvəl sosial şəbəkələrdə yazırdılar ki, Azərbaycan klubuna uduzsaz, Fransaya gəlməyin. Onlara necə hesabat verəcəksiz?
- Bu suala cavab vermək istəmirəm. Biz Fransaya qayıtmaya bilmərik. Bazar günü başqa oyunumuz var. Sosial mediaya baxmıram və yazılanlara fikir vermirəm.
- Qrup mərhələsinin püşkü atılarkən düşündüyünüz mənzərə ilə hazırkı arasında nə qədər fərq var?
- 3 xalımız var. Qarşıda matçlarımız var. Çalışacağıq ki, növbəti matçlarda qələbə qazanaq.
- “Qarabağ” adı sizin üçün bu günə kimi nə idi, bundan sonra nə olacaq?
- “Qarabağ” çox güclü komandadır. Avrokuboklarda uzun illərdir, çıxış edirlər, böyük təcrübəyə malikdirlər. Bilirdik ki, çətin oyun olacaq. Amma 0:3 uduzmağı düşünmürdüm. Cavab oyununda qələbə qazanmağa çalışacağıq.
- Konkret hansı komponentdə məğlub olduz? Komandanız uduzdu, yoxsa məşqçilərin duelində siz?
- İlk yarıda şanslardan istifadə edə bilmədik. Futbolda vurmayana vururlar. Şanslardan istifadə edə bilmədikcə təzyiqə düşdük. Müdafiədə yaxşı çıxış etmədik.