Dekabrın 17-də ilin futbolçusunun adına aydınlıq gələcək.

Artıq FİFA üç namizədin adını təqdim edib: Robert Levandovski, Kriştianu Ronaldo və Lionel Messi.

Levandovski ilə heç kimin işi ola bilməz. Adam Almaniya çempionu olub, Bundesliqada bombardir adını qazanıb, ölkə kubokunu başı üzərinə qaldırıb, Çempionlar Liqasında qalıb olmaqla yanaşı, ən məhsuldar futbolçu kimi hamıdan üstün olub. Qısası, toxunulmazdır.

Ronaldonun da öyünmək haqqı var. Düzdür, Çempionlar Liqasında "Yuventus"la 1/8-dən o tərəfə gedə bilməyib. Amma A Seriyasının "qızıl" medalını qazanıb, ölkə kubokunda "gümüş"ə sahib olub. İtaliya çempionatında 31, bütün yarışlarda 37 qolla ən yaxşılardan biri kimi yadda qalıb. 

Siyahıda Messinin adının olması müəyyən çevrədə narazılığa səbəb olub. Belə ki, argentinalı ulduz 2019-20 mövsümündə yalnız La Liqada bombardir olmaqla yadda qalıb. "Barselona" La Liqanı "gümüş"lə başa vurub, ölkə kubokunu başı üzərinə qaldıra bilməyib, Çempionlar Liqasının 1/4-də "ilişib". Belədə titulsuz Lionelin ötən mövsümün ən yaxşıları arasında olması birmənalı qarşılanmır. 

Halbuki onun yerinə Fransa çempionu, ölkə kubokunun sahibi, Çempionlar Liqasının finalçısı, Liqa 1-in bombardiri Kilian Mbappenin adı ola bilərdi. Görünür, Messinin adındakı ağırlıq FİFA-da təmsil olunanları argentinalı ulduzun on, bəlkə də yüz milyonlarla azarkeşindən çəkinməyə məcbur edir.