İdmanla məşğul olmaq maraqlı və məsuliyyətli işdir. İdmançı əhəmiyyətli fiqur kimi həmişə diqqət mərkəzindədir. Bu səbəbdən davranışları qədər, estetik baxımdan cəlbediciliyi vasitəsilə də cəmiyyətin təqdirini qazanmalıdır.

Fəal hərəkətlərə əsaslanan idman növlərinin nümayəndələrinin fiziki göstəriciləri, bədən quruluşu qəbul olunmuş standartlara uyğun gəlməlidir. Hər zaman formada qalmaq, həyat tərzinə görə nümunə olmaq müəyyən qidalanma rejiminə riayət etməyi şərtləndirir. İdmançı orqanizmi daim enerji almalı, həmçinin onu səmərəli istifadə etməyi öyrənməlidir. Düzgün seçilmiş qida rasionu arzulanan nəticələr zəncirinin ilk halqasıdır. Əzələ tonusunun saxlanması, zehni çeviklik əldə etmək üçün gündəlik qidanın 50 %-i karbohidrat, 20%-i zülal, 30%-i isə yağlardan ibarət olmalıdır.

Birinci növbədə düzgün qidalanmadır

Yeniyetmə və gənc idmançıların qidalanma rejimi adətən şəxsi məşqçilər tərəfindən müəyyənləşdirilir. Detallara həssas olan gənclər peşəkar dietoloqlar və fitness məşqçilərinin hazırladığı proqramlara da müraciət edirlər. Analoji qidalanma cədvəlinin tərtib olunması ödənişli olmaqla orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlifdir. Amerikalı psixoloq Herbert Şeldon bədən quruluşunun ektomorf, mezomorf və endomorf tipləri üzrə təsnifatını təklif etmişdi. Bir qayda olaraq, insanlarda həmin tiplərə vahid deyil, qarışıq hallarda rast gəlinir. Mütəxəssislər rejim və məşq proqramı tərtib etməzdən əvvəl müraciət edən tərəfin bu xüsusiyyətlərini nəzərə alırlar.

1

 Yeniyetməlik sərbəstliyə meyilli, hesablaşmadan qərar verməyi sevən dövr olduğundan qidalanmada ciddi sapmalar meydana çıxa bilər. Müasir dövrdə populyar olan fast-fud, steyk, yarımfabrikatlar, şirniyyat məmulatları, ədviyyatlı qəlyanaltılar, şəkərli qazlı içkilərdən peşəkar idmanı düşnən hər kəs uzaq durmalıdır. 2019-cu ildə tanınmış tibb jurnalı "The Lancet" yeməklərlə bağlı araşdırmasının nəticəsinin dərc etmişdi.  Nəşrin gəldiyi nəticəyə əsasən, qeyri-sağlam qida siqaretdən daha zərərlidir və dünyada hər 5 adamdan biri məhz bu səbəbdən dünyasını dəyişir. Xüsusilə "ağ ölüm" adlandırılan şəkər və duz artıq miqdarda qəbul edilərsə, insana ciddi problemlər yarada bilər. Hazırda idmançı uşaqlar belə, fast-fuda daxil olan dönəri həddindən artıq istehlak edirlər. Halbuki paytaxtımızda hazırlanan dönərlərin standartlara uyğun hazırlanmadığı, orqanizmə zərər vurduğu barədə dövri mətbuat və televiziyada xeyli danışlıb. Ətin yetəri qədər bişməməsi, bəzi hallarda mənşəyinin məlum olmaması dönərdən imtina üçün kifayət qədər ciddi səbəblərdir.

İdmançının qidalanma rejimi zəngin səhər yeməyindən başlamalıdır. Məşqdən 2-3 saat öncə zülal tərkibli, 1-2 saat sonra isə vitaminli qidalardan istifadə tövsiyə olunur. Orqanizmin maddələr mübadiləsinə kömək etmək üçün mümkün qədər maye qəbul etmək faydalıdır.

İdmanda yaşın fərqi var

Məşqlər və fiziki yüklənmə fərdin yaşından əhəmiyyətli dərəcədə asılıdır. Yeniyetmə və gənclərin enerji ehtiyatı lazımi səviyyədə olduğundan onlara tədricən çətinləşən məşq proqramları yazılır. Uşaqlara sadə fiziki məşğələlər, üzmək və qaçmaq məsləhət görülür. Həkimlər 8 yaşına kimi uşaqların parklarda, təmiz havada daha çox vaxt keçirməsində israr edirlər. 8-21 yaşına qədər sürət, cəldlik, dözümlülük üzərində işləmək üçün optimal dövrdür. İdman karyerasının kuliminasiya mərhələsi, bir qayda olaraq 20-30 yaş intervalına təsadüf edir. Təxminən 25 yaşda fiziki forma pik dövründə olur, sonra hər il əzələ kütləsi azalmağa başlayır.

İdman növləri ilə məşğul olmaq üçün yaşlar

2

Region və şəhərin nəqliyyat problemləri

Uşaq və yeniyetmələrin məşq zalları, klublara, futbol akademiyalarına getməsi əlavə vaxt tələb edir. Məşqlər əsasən dərs vaxtından sonraya, günün ikinci yarısına düşür. Saat 18:00-20:00 aralığında ictimai nəqliyyatda sıxlıq, yollarda tıxaclar olur. Bu səbəbdən uşaqlar gecikir, bəzən enerjilərinin bir hissəsini nəqliyyatda sərf edirlər. Avropanın əksər ölkələrində böyük şəhərlərdə nəqliyyat yüklənməsini azaltmaq və insanların sağlamlığı məqsədilə velosiped cığırları yaradılıb. Eni 2 metr olan bu yollar seçilməsi üçün qırmızı, sarı rənglərə boyanır. Velosipedçilər üçün xüsusi işıqforlar quraşdırılmış şəhərlər də var. Azərbaycanda daha çox istirahət parklarında velosiped sürülür. Şəhərsalma planında piyada səkilərinin bir hissəsi velosiped nəqliyyatı üçün ayrılması maraqlı addım olardı. Belə ki, uşaqlar yaxınlıqdakı idman obyektlərinə moped və ya velosipedlə getmək imkanı qazanardı. Hazırda bunu həyata keçirmək risk deməkdir. Çünki hərəkət üçün avtomobil yollarına düşmək lazım olur. Bəzi hallarda isə velosipedçilər işıqfora məhəl qoymadan hərəkətini davam etdirir.

Paytaxtda nəqliyyatın intensivliyi problem yaradırsa, regionların başqa dərdi var. Kəndlərlə rayon mərkəzlərini birləşdirən yollar yararsız, nəqliyyat təminatı zəifdir. Bəzi hallarda idman qurumları bu problemləri imkanları daxilində həll etməyə çalışır. Məsələn, "Qəbələ" Futbol Akademiyası tərəfindən təqribən 20 kəndi əlaqələndirən avtobus xətti yaradılıb. Lakin məskunlaşma dağınıq olduğundan bir sıra yaşayış məntəqələrindən istedadlı uşaqları akademiyaya qazandırmaq asan deyil. Nəqliyyat xərclərini şəxsi büdcəsindən ödəyən valideynlər də var. Region əhalisinin sosial-iqtisadi durumu bunu mütəmadi həyata keçirməyə çətinlik törədir.

Geyim təchizatı necə həll olunur?

İdmançı məşğul olduğu növün xüsusiyyətindən asılı olaraq xüsusi geyimlər əldə etməlidir. Fitnessdən başqa, demək olar ki, bütün idman növlərinin geyimlə bağlı özünəməxsus qaydaları var. Uşaqları idman geyimləri ilə bəzən üzvü olduqları klub və federasiyalar pulsuz təchiz etmir. Valideynlər şəxsi büdcəsi hesabına zəruri formaları almaq məcburiyyətində qalır. İdman geyimlərinin qiymətləri original, "ikinci əl" və s. kriteriyalara görə müxtəlifdir. Məsələn, dünyaca məşhur cu-citsu kimono markası "ATAMA"nı 120-130 manata əldə etmək mümkündür. "Mizuno" cüdokasına ölçülərindən asılı olaraq 120-180 manat, "Aravaza" karate kimonosuna (uşaqlar) isə 45-60 manat qiymət qoyulur. "İkinci əl" idman dəstlərini daha ucuza almaq imkanı var.

3

Futbol akademiyalarında uşaq və yeniyetmə oyunçulara adətən 2 dəst forma verilir. Uşaqlar 1 forma ilə əsasən pulsuz təmin olunur. Əlavə dəst almaq ödənişlidir. Keyfiyyəti nəzərə alınaraq ödənişli formalar valideynə 30-50 manata başa gəlir. Formalar yerli dərzi emalatxanalarında, sexlərdə, ən yaxşı halda tikiş fabriklərində hazırlanır. Dizaynlar, bir qayda olaraq, akademiya rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Avropanın tanınmış futbol akademiyalarında bu baxımdan işlər daha mütəşəkkil qurulub. Akademiya "Puma", “Reebok”, "Nike", "Adidas" kimi məşhur brendlərlə müqavilə bağlayır və geyim dəstləri sifariş verir. Marketinq araşdırmalarına görə (2016), bir dəstin maya dəyəri təxminən 6 funta (14 AZN) bərabərdir. Şirkətlər hər formanın satılmasından 13 funt (30 AZN) gəlir qazanır. Bir sıra hallarda geyim markaları və akademiya arasında sponsorluq sazişi imzalanır. Bu halda forma pulsuz verilir. Ümumiyyətlə xarici futbol akademiyalarında geyim və məşqlər üçün ayrılıqda ödəniş alınmır. Tələbələrdən məbləği təqribən 13-15 min dollar illik haqq alınır.

Ayağın məşqdə, əlin cibində olsun

Azərbaycanda idman məşqləri uşaq və gənclərin fiziki tərbiyəsi ilə yanaşı, həmçinin biznes kimi nəzərdən keçirilir. Belə ki, karyerasını başa vurmuş, idmançı keçmişinə malik şəxslərin müəyyən qismi məşq keçməklə maddi ehtiyaclarını ödəməyi düşünür. Kapitalizmin idmana nüfuz etdiyi indiki şəraitdə bütün növ hazırlıqlar ödəniş əsasındadır. Unutmaq olmaz ki, zalların icarəsi, inventarın alınması və yenilənməsi üçün vəsait lazımdır. 2020-ci ilin hesabatına əsasən, ölkəmizdə 47 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Lakin onların olduqca məhdud hissəsində idman növləri üzrə məşqlər keçirilir. Bu mərkəzlər Gənclər və İdman Nazirliyinin balansında olsa da, məşqlərin qiyməti adi zallardan aşağı deyil.

4

Uşaqlar üçün məşğələlər fərdi və qrup halında olur. Qruplarda məşqlər 40-60, fərdi proqramla çalışmaq isə 100 AZN civarındadır. Futbol məktəbləri də bu baxımdan istisna deyil. 2015-ci ildə təsis olunmuş "LEON" uşaq futbol klubu fərdi təlim paketini 150 AZN-ə təklif edir. Bu paketə müddəti 1 saat olmaqla ayda 8 məşq daxildir. 4-16 yaşlı uşaqlara 4 nəfərlik qruplarla təlim verilir. Klub peşəkar istiqamət üzrə təlimə 200 AZN qiymət müəyyən edib. Futbol məktəblərinin qrup məşqləri nisbətən az məsrəflidir. Bəzi akademiyalar və özəl klublarda bunun üçün 40-50 AZN ödəmək lazımdır. 2017-ci ildə yaradılmış İsgəndər Cavadov akademiyasının rəhbəri Yaşar Seyidovun sözlərinə görə, orda aylıq ödəniş 30 manatdır. Akademiyanın uzaq yol gələn üzvlərindən 15 manat alınır. Qeyd edək ki, AFFA-nın 2020-ci il maliyyə hesabatına əsasən, sözügedən akademiyaya 19 min manatdan çox vəsait ayrılmışdı. Media bu pulun təyinatı üzrə xərclənməməsi səbəbindən akademiyanın borcları olduğunu yazır.

Bir sıra akademiyalarda məşqlərə görə ödəniş alınmır. Onların arasında həm yarıhəvəskar, həm də peşəkar kateqoriyada olanlar var. Son illər AFFA-nın lisenziyalaşdırma qaydalarına əsasən Premyer Liqa klubları uşaq futbol komandalarına müəyyən qədər fikir verirlər. "Neftçi" və "Qarabağ" artıq akademiyalarının yetirmələrinə Avrokuboklarda şans verməkdədir. Futbol akademiyasından söhbət gedirsə, "Qəbələ"ni unutmaq olmaz. Klub maliyyə çətinlikləri ilə üzləşdiyi vaxtlarda belə, büdcəsinin 10%-ni akademiya üçün xərcləyib. Vaxtilə britaniyalı mütəxəssislərin təcrübəsi əsasında qurulan akademiya uşaqların geyim, hazırlıq, nəqliyyat məsələsini diqqətdə saxlayır. Son dövrlər UEFA Gənclər Liqasında "Qəbələ"nin U19 komandasının nəzərəçarpan nəticələri görülən işlərin boşa getmədiyini göstərir.

Yerli futbol məktəblərində məşqlərin ödənişsiz olması sponsor dəstəyindən xeyli dərəcədə asılıdır. Ölkəmizdə uşaq futboluna maliyyə yatırımı zəif olduğundan hazırlıqlar əksərən pullu və standartlardan aşağıdır.

Uşaqların idmanla kütləvi məşğul olması prioritet kimi nəzərdən keçirilirsə, maliyyə amilini yaddan çıxarmaq olmaz. Təhsillə idman fəaliyyətini uzlaşdırma, intellektual şəxsiyyət kimi yetişmə birbaşa uşağın özündən asılı məsələlər olduğu halda, məşqlərin maliyyə tərəfləri ailə büdcəsi hesabına həll edilməlidir. Ona görə uşaq idmanına investisiyaların cəlb olunması, dövlətin inkişaf proqramları hazırlayıb icra etməsinə ehtiyac var. Xüsusilə komanda idman növlərində istedadlı uşaqlara gələcəkdə karyera qurmaq imkanı yaratmaq münasib variantdır. Digər növlərdə isə aztəminatlı ailələrin uşaqlarını mümkün qədər məşq xərclərindən azad etmək yaxşı olardı.

 

1627377871 1626962283 1626442780 1625744715 1625297110 media agentlik
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə (6.3.19-cu yarımbəndi-uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə) hazırlanmışdır.